“Bu il Misir-Azərbaycan münasibətlərində böyük irəliləyişlər olacaq” – Səfir Adel İbrahim

10:10 23.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ötən ilin iyun ayında Qahirədə iki ölkə arasında baş tutan siyasi məsləhətləşmələrdən başlayaraq, Azərbaycan mədəniyyət nazirinin dekabrın əvvəllərində Qahirəyə səfəri və Misirin mədəniyyət naziri ilə görüşü, o cümlədən Azərbaycanın nümunəvi birgəyaşayış modeli olduğunu bir daha sübut edən Əl-Əzhər şeyxi ilə bir araya gəlməsi, son bir neçə ayda ölkələrimizin rəsmiləri arasında başlanmış silsilə görüşlər və qarşılıqlı səfərlər vasitəsilə Misir-Azərbaycan münasibətlərinin əsl yüksəlişin şahidi oluruq”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Misirin ölkəmizdəki səfiri Adel İbrahim deyib. Diplomat qeyd edib ki, bundan başqa, fevralın əvvəllərində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Azərbaycanın müftisi Hacı Salman Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam İşləri üzrə Ali Şuranın 32-ci Konfransında iştirak etmək üçün Qahirədə səfərdə olub.

“Misir-Azərbaycan İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın beşinci iclasında iştirak edəcək Misir nümayəndə heyətinin rəhbəri olaraq fevralın 24-dən 27-dək Misirin Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Mashat Azərbaycanda səfərdə olacaq və o, səfər çərçivəsində Misir-Azərbaycan Biznes Forumunda da iştirak edəcək. Komissiya və Forumda Misirdən 60-dan çox nümayəndə iştirak edir və bu da öz növbəsində Qahirənin Azərbaycanla müxtəlif səviyyələrdə və sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük marağının olduğunu göstərir”, - deyib səfir A.İbrahim.

Diplomat həmçinin vurğulayıb ki, yaxın gələcəkdə ölkələrimiz arasında ikitərəfli münasibətlər səviyyəsində daha çox hərəkətin şahidi olacağıq. Belə ki, Azərbaycan Milli Məclisi sədri Sahibə Qafarovanın apreldə Misirə səfəri planlaşdırılır. “Bundan əlavə, mart ayında Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareys açılacaq, Covid-19 pandemiyasının yayılması səbəbindən təxirə salınan Misir Prezidenti Abdel Fattah əl-Sisinin Azərbaycana səfərinə hazırlıq məqsədilə Misir Xarici İşlər nazirinin Bakya gözlənilən səfəri kimi mühüm hadisələrin şahidi olacağıq”, - səfir A.İbrahim deyib.